Çox istərdim ki, ikinci Qarabağ savaşı mənim iştirakımla olsun | Ərşad Zeynalov

“25 TƏLƏBƏ YIĞIŞDIQ Kİ, “CƏBHƏYƏ GEDİRİK” Ərşad Zeynalov: “Çox istərdim ki, ikinci Qarabağ savaşı mənim iştirakımla olsun”O boyda BMP-də bir nəfər mən sağ qalmışam” Qarabağ qazisi Ərşad Zeynalov 1969-cu ilin 10 fevralında Ağdamın Qiyaslı kəndində anadan olub. 1986-cı ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1987-ci ildə birinci kursu bitirib hərbi xidmətə yollanıb. 2 il Axalkələkdə motoatıcı alayda bölük starşinası rütbəsi ilə xidmət edib. Sovet ordusunda BMP-2-nin atıcısı ixtisası üzrə təhsil alıb. Hərbi xidmətdən sonra təhsilini davam etdirib. Bundan sonra həyatının cəbhə dövrü başlayıb. Həmsöhbətimin, ehtiyatda olan leytenantın savaş gündəliyinin bir parçası ilə tanış olun.

— 1992-ci ilin fevralı idi. Mən yataqxanada yaşayırdım. Xocalı soyqırımı ilə bağlı rəhmətlik Çingiz Mustafayevin reportajına baxdıq. Axşam yataqxanaya rəhmətlik Rövşən Hüseynov gəldi. Ağdamın Quzanlısından idi, fizika fakültəsində oxuyurdu və “İstiqlal” qəzetində redaktor idi. Danışdıq və səhəri gün 25 nəfər yığışdıq bir yerə, qərara aldıq ki, cəbhəyə gedək. Rövşən siyahını götürüb rektorun yanına getdi və rəhbərlik də bunu müsbət qarşıladı ki, gedin, nə probleminiz var, həll edəcəyik. Hətta bizi akademik məzuniyyətə də buraxmadı, dedi gəlib imtahanları verərsiniz. Oradan Baş Qərargah rəisi Şahin Musayevin yanına getdik, bizi qəbul etdi. Ancaq bizi birbaşa cəbhəyə yox, təlim keçmək

üçün “Salyanski” kazarmaya göndərdilər. Universitet tələbələrindən ibarət bir tağım yaratdılar və rəhbərimiz də o vaxt mayor olan (indi general-E.P.) Yaşar Aydəmirov oldu. Aprelin əvvəlində Aydəmirov gəldi ki, göstəriş verilib ki, tələbələrə ehtiyac yoxdur, qayıdın dərsinizi oxuyun. Ancaq bu, bizə pis təsir etdi. Rövşən bizim liderimiz idi, dedik nə edək. Qərara gəldik ki, özümüz cəbhəyə gedəcəyik. Hərə bir istiqamətə getdi, mən də Ağdama getdim ki, uşaqlar üçün yer bələdləyim.
O Vaxt Ağdamda 836 saylı özünümüdafiə batalyonu rəhmətlik Şirin Mirzəyevin rəhbərliyi ilə mövcud idi və Şahbulaqda yerləşirdi. Kiçik qardaşım da orda idi. Dedi ki, sizin kimilər bizə göydə lazımdır, BMP var, ata bilən yoxdur. Gördüm Şahbulaqda üç BMP var, onları nəqliyyat kimi sürürlər, ancaq ata bilmirlər. Məni heç geri də buraxmadılar ki, gəlim uşaqlara xəbər edim, Ağdama gəlsinlər. Sonra eşitdim ki, onlar hamısı Goranboya gediblər. Rövşən də orda şəhid oldu. Təsəvvür edin ki, ilk dəfə BMP atanda uşaqlar necə sevinirdi. O vaxt gəlib Şellinin üstündə postda dururduq. Ermənilərin Xanabad postu bizdən aşağıda idi. İlk mərmiləri atdıq, ermənilər xeyli itki verdi. Düşmən gözləmirdi ki, onlara BMP-dən atəş açıla bilər.

***

...İlk ciddi döyüşümüz mayın 7-də oldu. Biz dəqiq bilirdik ki, Şuşanın vəziyyəti çox pisdir, necəsə Şuşaya kömək etmək lazımdır. Ən azı düşmənin qüvvəsini parçalamaq üçün başqa istiqamətdən ona zərbə endirilməlidir. Mayın 7-sində Cinni kəndinin üstündən Fərruxa çıxmaq istədik, ancaq ağır itkilərlə düşdük. Mayın 9-da isə Ağdamın Sayvalı kəndi istiqamətindəki Qozlu bağa yığışdıq və hücum əmri gözlədik. Kifayət qədər gücümüz var idi. 4 tank idi, 2 BMP. 154 saylı BMP-də də mən atıcı idim. Mənim bölük komandirim də rəhmətlik Şakir idi. Birdən yadıma düşür, o boyda BMP heyətindən — 11 nəfərdən bir dənə mən sağ qalmışam… Bir qrup şuşalı əsgər Şuşadan gəldilər, bizi haqqına söydülər ki, Şuşa əldən getdi, qırıldıq, siz nə oturubsunuz burda. Biz də Şirin Mirzəyevin üstünə getdik ki, nəsə eləmək lazımdır. Ancaq bunun üçün də ona göstəriş verilməli idi. Səhəri gün biz Naxçıvanik istiqamətində hərəkətə keçdik. Eyni zamanda “Qrad”lar atdı, təyyarə də düşmən mövqelərini bombaladı. Vaqif adlı təyyarəçi vardı, o, rus ordusundan təyyarəni qaçırmışdı. Artilleriya və aviasiya öz işini gördüyündən düşmən bizə ciddi müqavimət göstərmədi. Naxçıvaniki götürmək istəyirdik ki, Şuşaya yardım edək.

***

Yolüstü Ağbulaq, Dəhraz, Pircamal kəndlərini götürdük. Ermənilər tərəfdən 4 BMP gəldi. “Dəli Həsən” dediyimiz tankçımızın “Qisasçı” tankı bizə dedi ki, erməni BMP-ləri ilə işiniz yoxdur, mənlikdir. Dörd sərrast atəş və dördü də meşənin içində qaldı. Qüvvələr kəndlərə bölündü, 708-ci briqadanın 1 tank, 1 BMP-si ilə biz Aranzəmin kəndinə girdik. Xırda müqavimətlə üzləşdik.
Düşmən çoxlu mina basdırırdı deyə, mexanik Kamilə tapşırdım ki, çalış tankın izi ilə get. Kəndin çıxacağında güclü partlayış qopdu…
Mən özümə gələndə elə bildim ki, bizi mərmi ilə vurublar. Gördüm BMP-nin içi tüstüdür, yavaş-yavaş yanmağa başlayır. Orda motorun üstündəki zireh lövhəsi Şakirdən başqa digər uşaqları ölümdən xilas etmişdi. Mən heç nə eşitmir, heç nə görmürdüm. Lyuku açıb çıxmaq istəyəndə ermənilər pulemyotla atmağa başladılar. Uşaqlar qışqırdılar ki, bizi qıracaqlar, sən at. Ancaq elektrik sistemi işləmirdi. Əllə fırlayıb 15-20 mərmi atdım, düşmən pulemyotu susdu. Rabitə ilə “Mayak”ı, alay komandiri çağırdım. Şirin Mirzəyev dedi ki, sizi gördük, köməyinizə gəlirik. Lyuku qaldıranda gördüm ki, yazıq Şakirin qurşaqdan yuxarısı çöldədir, çıxmağa cəhd edib. Sifət qapqara yanmışdı, gözləri çevrilmişdi. Bir az özünə gəlib dedi məni çıxardın. Qolundan çıxardanda gördüm ki, ayağının biri dizdən aşağı üzülüb, yerdədir, o birisi də ombaya qədər yanıb, yalnız sümüyü qalıb. Sonra başa düşdüm ki, mina birinci, ikinci “katok”da yox, üçüncüdə partlayıb, BMP-nin altını yarıb və Şakiri tutub, bizsə sağ qalmışıq. Şakir mənə dedi ki, uşaqların əli gəlməz, amma birdən məni diri qoyub çıxarsınız. Ürək-dirək verdim ki, yaşayacaqsan. Üzü Şelliyə tərəf sürürdük. 34 yaşı vardı, kəndçimiz idi İbrahimov Şakir...
Gəlib posta dirəndik, daha ermənilər başımızı qaldırmağa imkan vermədi. Bu vaxt Həsən gəldi — “Qisasçı”. Həsənin həyatı ayrıca bir romandır. Zabit kimi Əfqanıstanda olub, Şahbulaqda türmədə yatırmış, alay komandiri həbsdən çıxarıb gətirmişdi… Həsən gələn kimi hər posta bir mərmi atdı, düşmən susdu. Gəncə uşaqları da ardınca gəlmişdilər. BMP-nin üzərində “Ə.Mahir adına BMP” yazmışdılar. Şakiri BMP-yə qoyanda keçindi, sanki arxayın oldu ki, daha əsir düşməyəcək…
Mən oturdum BRDM-ə, ordan Pircamala gəldik. Həmin vaxt aviasiya gəlib Naxçıvaniki vurmalı idi ki, biz hücum edib oranı tutaq. Ancaq güclü yağış başladı, aviasiya gəlmədi, vəziyyət pisləşdi. Mənim sol ayağıma qəlpə girdiyindən artıq yeriyə bilmirdim. BMP dayanmışdı, Hindarxlı İlqarın — o sağdır, hərdən görüşürük. O da Əfqanıstanda olub, balaca boyu ilə od-alov oğlandır. Düşüb mərmi doldururdu. Həsən yaxınlaşıb dedi ki, İlqar, BMP-ni götür, pis saxlamısan, vuracaqlar. İlqar çatana qədər BMP-ni topla vurdular. Elşən də içindəydi, çıxartdıq, bədəni yanmışdı. Həsən qayıtdı ki, “tankı da vuracaqlar”. Elə tanka çatmamış tankı da vurdular. Hesaba görə bizim vertolyot dağın üstündəki həmin topları vurmalı idi. Ancaq bu, baş vermədi. 427 saylı BRDM qalmışdı, məni də ona mindirdilər. Şirin Mirzəyev gəlib dedi ki, irəli gedin, yaralıları çıxardaq. Yaralıları çıxartdıq, məni də hospitala gətirdilər...
Qəlpəni ayağımdan çıxartdılar. Ancaq gecə qalmadım, evə gəldim ki, artıq mənimçün ağlayırlar. Dədəm rəhmətlik təpənin üstündə əlini gözünün üstünə qoyub baxırmış. Mənim BMP-min adı “Kobra” idi, deyiblər “Kobra” minaya düşdü...

***

...Yenidən cəbhəyə qayıtdım. Ancaq təəssüf ki, Şuşa, Laçın getdi. Ancaq sonra hərbi üstünlük bizim tərəfimizə keçdi. 12 iyun döyüşündə Şirin Mirzəyev də şəhid oldu. Xankəndindən Ağdərəyə magistral yol gedir. Hərbi xəritələrdə adı 86-cı magistral gedir. Bu yol Sırxavəndin üstündəki Kiçan kəndindən keçir və Xaçınıüstündən gedir. O vaxt Mirzəyev çağırdı ki, bizimkilər Ağdərəni azad edir, məqsəd o yolu tutub saxlamaqdır ki, Xankəndindən Ağdərəyə kömək getməsin. O vaxt 4 tankımız var idi, mən də BMP-də, bütün alayla hücuma getdik. Sırxavənd qəbiristanlığı yanında bir tank minaya düşdü. Əslində həmin vaxt Ağdam “OMON” gəlib Fərrux yüksəkliyini tutmalı idi. Gəldi, ancaq bu, real deyil, çünki biz tərəf sıldırım qayalıq idi. Sağ tərəfdən isə Qazançını rəhmətlik “Ala Yaqub” tutmalı idi. Bunların heç biri lazımi yerə qədər gəlib çıxa bilmədi. Ancaq biz gedib çıxdıq. Tank minaya düşəndə isə həkim çağırdıq, UAZ gələndə ikinci minaya düşdü, iki həkim şəhid oldu. Düşmən minaatanla atmağa başladı. Bu vaxt baxdım ki, tankın biri yoxdur. Atıcı Səyyafı çağırdım, dedi ki, artıq mən Sırxavəndin içindəyəm, tankı vurublar. Ardınca da BMP ilə irəlilədim. Təpənin üstünə çıxanda gördüm ki, tankın sol tərəfi yanır, “bak” tərəfdən vurulmuşdu. Ancaq tank yana-yana ermənilərin üstünə gedirdi. Səyyaf düşmən səngərinə iki mərmi vurdu və biz girib Sırxavəndi tutduq. Sırxavənd nə gündə idi. Təsəvvür edin ki, ermənilər səliqə ilə bütün darvazaları belə kəsib aparmışdılar, kənd qanqal içində idi. Düşmənin bir BMP-ni qoyub qaçmışdı, biz onu götürdük. Hətta onların qərargahında bir “ovçarka” bağlı qalmışdı. Sarıyev var idi, minaaxtaran. İt qəfil bunun üstünə atılanda ayağından vurmuşdu. Ancaq iti götürdü və ayağını sağaldıb özü ilə hərləyirdi. Gecə Sırxavənddə qaldıq…
Şirin Mirzəyev doğrudan əsl hərbçi idi. Dedi bizi artilleriya ilə vuracaqlar. Mən də tankları təpənin ölü zonasına yığdım ki, mərmi tutmasın. Özümüz də tankın altına girdik ki, qəlpə dəyməsin. Düşmən “Qrad”la atmağa başladı, mərmi 10 metrliyimizə düşsə də, bizə dəymirdi. Vahid vardı, indiyədək “Qrad”dan qorxurdum, daha qorxmuram, gördüm nə olan şeydir. Deyirdi bircə başımdan güllə dəyməsin. İki gün sonra yazığı başından vurdular...

***

1992-ci ilin avqustunda qərar çıxdı ki, əyani şöbənin tələbələri qayıtsınlar. Bu da onunla bağlı idi ki, artıq müharibəni bitmiş sayırdıq. Dağlıq Qarabağın 55 faizi azad olunmuşdu. Sanki tələbələrə ehtiyac yox idi. Mən avqustun axırı tərxis olundum. O zaman hətta biz deyirdik ki, niyə Ağdam burda qala-qala Xankəndinə birinci Gəncə-Goranboy batalyonları girir. Ağlımıza gəlməzdi ki, bir gün Ağdamı da itirəcəyik…
Yadımdadır, Kasapetin üstündə binoklu götürüb Ağdama baxırdım. Ağdamda bir kombinatı seçə bilirdim. Gör biz hara qədər gedib çıxmışdıq. Hətta bir dəfə atəş açanda Goranboy batalyonu rabitəyə çıxdı ki, “atmayın, biz artıq burdayıq”. Onlar Sərsəng tərəfdən gəlmişdilər ora...

Və keçmiş döyüşçünün narahatçılığı

Bu gün qorxuram ki, qocalıb ölüb gedəcəyəm, bu qədər təcrübə, biliyi özümlə qəbrə aparacağam. Od-alovdan sağ çıxmağımın birinci səbəbi o idi ki, o yerləri çox yaxşı tanıyırdım. O dağlarda döyüşürdüm ki, mən orda mal-qara otarmışam, kəkotu yığmışam. Yerli relyefi tanıyan, hərbi üstünlüyə, biliyə malik olan bir nəsil var — bu, birinci Qarabağ savaşının iştirakçılarıdır. Nə qədər ki, canımızda təpər var, istərdik torpaqlarımızı geri qaytaraq. Heç olmasa bir rayon savaşla geri alınmalı, düşmənə güc göstərilməlidir ki, onlar güzəştə hazır olsun. Yoxsa ermənilər eyforiyadadır ki, torpaqları qan töküb alıblar…
Onun döyüş yolundan bir film çəkmək olar. Təbii ki, çəkən olsa...
5 il müəllimlik edən Ərşad bəy indi kompüter mühəndisi kimi çalışır. İki dəfə kontuziya almış Qarabağ veteranı, Rəşad adlı bir oğulun atası 33 manat təqaüd alır…
Bütün qayğılara baxmayaraq bizim cənab leytenantın bir diləyi var: “Çox istərdim ki, ikinci Qarabağ savaşı mütləq mənim iştirakımla olsun. Düzü bildiyim, bacardığım çox şey var ki, onları qəbrə aparmaq ədalətsizlik olardı”.
Haqlı deyilmi..?


E.PAŞASOY

 

 

0 şərh